
Bakı. Trend:
İşçinin işdən kənar edilməsinin əsaslarının siyahısı
genişləndirilib.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, işəgötürən aşağıdakı hallarda da mülkiyyətçinin
və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi
qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin
etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə
biləcək:
- işçi icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək
funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar
edildikdə; - müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak
etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda; - əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik
törətdikdə.
İşəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal
aradan qaldırılanadək işçini işdən kənarlaşdıra biləcək.
İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın
xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın
aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla
bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq
işəgötürən tərəfindən müəyyən ediləcək.
İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini
(sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.


