
Bakı. Trend:
Çalışma müddətinin uzadıldığı hallarda dövlət büdcəsindən
maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması
ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə yol
verilməyəcək.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, çalışma müddətinin uzadılması işəgötürənin əmri
(qərarı, sərəncamı) ilə rəsmiləşdiriləcək.
Bu halda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi
çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam
verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin
bağlanılmasına yol verilməyəcək.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65
yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq
dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq
uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol
verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi
xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65
yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı
tərəfindən yuxarıda nəzərdə tutulmuş müddətdən artıq uzadıla
bilər.


