
Bakı. Trend:
İnqilab Şahbazovun “Tədqiqat Metodları” adlı kitabının təqdimat
mərasimi keçirilib.
Trend xəbər
verir ki, Sosial Tədqiqatlar Mərkəzində keçirilən kitab
təqdimatında mərkəz əməkdaşları, elm və təhsil işçiləri, millət
vəkilləri və tələbələr iştirak ediblər.
Təqdimatın moderatoru STM-nin sektor müdiri Əfqan Vəliyev
çıxışında qeyd edib ki, bu kitabın 2019-cu ildə çap edilmiş ilk
nəşri Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin
genişləndirilməsinə xüsusi töhfə verib.
Onun sözlərinə görə, bu gün təqdim ediləcək kitab əvvəlki nəşrdən
xeyli fərqlənir:
“Kitabın əsas üstünlüyü onun yenilənmiş versiya olmasıdır. Yeni
nəşrdə əlavə parametrlər, müasir tədqiqat metodları və onların cari
standartlara uyğun işlənməsi ilə bağlı struktur əhatəli şəkildə
təqdim olunub.
Bu kitab vasitəsilə həm sosial, həm iqtisadi sahələrdə tədqiqatlar
aparılıb və nəticələr yönləndirici məzmun daşıyır. Kitab oxucuya
çətinliklərin müəyyən edilməsində və nəticələrin
qiymətləndirilməsində kömək edir. Eyni zamanda, bir sənədin
hazırlanması, tədqiqatın strukturu və analitik hesabatın tərtibi
kimi proseslər də ətraflı şəkildə təqdim olunub. Sevindirici haldır
ki, bütün bu biliklər Azərbaycan kontekstində tətbiq olunacaq
şəkildə işlənib”.
Kitabın müəllifi İnqilab Şahbazov isə çıxışında Azərbaycandilli
ədəbiyyat çatışmazlığına diqqət çəkib və kitabın yazılma
məqsədlərindən danışıb:
“Bu kitabı yazmaqda məqsədim və hədəfim Azərbaycan dilində
sosial tədqiqatlar aparmaq istəyənlər üçün bizim dildə bir vəsait,
ədəbiyyat yaratmaqdır. Burada müəllimlər və tələbələr iştirak edir.
Bildiyiniz kimi, Azərbaycanın ədəbiyyat sahəsində uzun illər
ərzində müəyyən çatışmazlıqlar mövcud olub. Son illərdə görülən
səylər nəticəsində bəzi müsbət dəyişikliklər əldə edilsə də, hələ
də ciddi boşluqlar qalır. Bu çatışmazlıqların aradan qaldırılması
mənim kimi şəxslər üçün böyük bir məsuliyyətdir”, müəllif
bildirib.
Millət vəkili Gülşən Paşayeva isə çıxışında qeyd edib ki, bu
kitabın ən böyük üstünlüyü Azərbaycan dilində olmasıdır:
“Sosial tədqiqat metodları barədə öz dilimizdə belə bir kitabın
nəşri olduqca əhəmiyyətlidir. Beləcə, həm bilik ötürülür, həm də
praktik tətbiq üçün istifadə imkanı yaranır. Kitab hazırlanarkən
Azərbaycan kontekstinin nəzərə alınması ilə mövzu və struktur
baxımından faydalı və keyfiyyətli bir nəşr ortaya çıxıb”.
Sonra təqdimat kitab və mövzu istiqamətində müzakirələrlə davam
edib, müəllif kitablarını imzalayıb.
Qeyd edək ki, kitab “TeasPress” nəşriyyatında nəşr edilib.


