
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı təşkilatçılarından biri kimi göstərilən və Kanadaya qaçan FETÖ üzvü Cemal Karaatanın adını dəyişdirdiyi üzə çıxıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, FETÖ-nün məxfi strukturlarında əsas fiqurlardan olan Karaata “Salih Ada” adı ilə gizlənərək Kanadada yaşayır.
Bildirilir ki, Qırmızı Bülletenlə axtarışda olan Karaata ad dəyişikliyi sayəsində təhlükəsizlik qurumlarının qeydiyyatından yayınmağa çalışır. Onun “Qualia Counselling Services” adlı qurumda psixoterapevt kimi çalışdığı, narahatlıq, depressiya və aqressiyanın idarəsi sahələrində fəaliyyət göstərdiyi iddia olunur.
“Kod adı” Sadıq və Yavuz olan Karaata Türkiyədə Fatih Universitetində ingilis dili üzrə dosent kimi çalışıb və akademik şəxsiyyət altında casusluq fəaliyyəti aparıb. Məlumata görə, adını dəyişməsinin əsas səbəblərindən biri Rusiyanın mümkün qaçırma təhlükəsindən qorxmasıdır. Karaatanın Kanadada təhlükəsizlik orqanları ilə vaxtaşırı görüşlər keçirdiyi də qeyd edilir. Təhlükəsizlik mənbələri FETÖ-nün Avropa və Amerikada olan casusluq şəbəkəsinin üzvlərini maddi və təhlükəsizlik baxımından qorumağa davam etdiyini bildirir. İddialara əsasən, Karaata və ailəsinin lüks yaşayışı, təhsil və digər xərcləri də təşkilat tərəfindən maliyyələşdirilir.


