Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb

Baş səhifə

Bakı. Trend:

Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd
və qəsəbələri, Abşeron rayonunun coğrafi baxımdan ucqar olan və
fərdi yaşayış üçün nəzərdə tutulmayan məskənlərini, o cümlədən,
Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan, Hövsan
qəsəbələrini əhatə edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bəzi ərazilərdə mövcud şəbəkələr düzgün istismar
olunmur:

“Binəqədi rayonunun elə əraziləri var ki, orada məskunlaşan
əhali primitiv şəbəkələrdən istifadə edir. Bununla yanaşı həmin
şəbəkələr sakinlər tərəfindən düzgün istismar olunmur, xətlərə
müxtəlif adlı məişət əşyaları atılır. Bütün bu kimi problemlərin
qarşısının alınması məqsədilə, ümumilikdə iri şəhərlərin
ərazilərində yeni, müasir tələblərə cavab verən tullantı su
şəbəkələrinin qurulması məqəsədilə, konkret desək, su təchizatının
tam şəkildə vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edəcək
səviyyədə qurulması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən
Dövlət Proqramı imzalanıb”.




İlkin olaraq işlərə hansı ərazilərdən başlanacağı məsələsinə də
aydınlıq gətirilib:

“Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma
halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış
məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun
mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların
və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış
qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu
ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və
məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz
su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək”.

Qeyd edilib ki, yaşayış binalarında istismar müddəti sona çatan
tullantı su xətləri mütəmadi olaraq yeniləri ilə əvəzlənir, Dövlət
Proqramının tələblərinə uyğun olaraq bu işlər daha şaxəli və
intensiv şəkil alacaq.