
Bakı. Trend:
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan
narkotiklərlə bağlı istintaq davam edir. İstintaq çərçivəsində
tanınmış türkiyəli voleybolçu Derya Çayırgan da daxil olmaqla 13
şübhəli saxlanılıb.
Trend bu barədə
Türkiyə mediasına istinadla xəbər verir.
Saxlanılma prosesinin təfərrüatları hələ ki, açıqlanmır.
İstanbul Baş Prokurorluğunun tanınmış şəxslərə qarşı apardığı
narkotik istintaqı çərçivəsində 8 oktyabr 2025-ci ildən bu yana bir
sıra əməliyyatlar həyata keçirilib. Musiqiçi, menecer və iş adamı
daxil olmaqla ictimaiyyətə tanış bir çox şəxs ifadə verib, həmçinin
narkotik maddələrdən istifadə ilə bağlı müayinələr üçün qan və saç
nümunələri təqdim edib. İstintaq çərçivəsində barəsində həbs
qətimkan tədbiri seçilən şəxslər də olub.
18 dekabr 2025-ci ildə Sarıyer, Eyüpsultan, Şişli, Üsküdar,
Bakırköy və Esenyurtdakı 7 ünvanda eyni vaxtda keçirilən əməliyyat
zamanı aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic, Mümine
Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılmışdı.


