“SpaceX”in kosmik gəmisi “Crew-11” heyəti ilə BKS-dən uğurla ayrılıb

Baş səhifə

Bakı. Trend:

Amerikanın “SpaceX” şirkətinə məxsus kosmik gəmi kosmonavt Oleq
Platonovun da daxil olduğu “Crew-11” missiyasının heyətini
daşıyaraq Beynəlxalq Kosmik Stansiyadan (BKS) uğurla ayrılıb.

Trend xəbər verir
ki, hadisənin canlı yayımı ABŞ Milli Aeronavtika və Kosmik
Tədqiqatlar Administrasiyasının (NASA) rəsmi saytında nümayiş
etdirilib.

Kosmik gəminin BKS-dən ayrılması çərşənbə günü ABŞ-nin Şərq
vaxtı ilə saat 17:20-də baş tutub. Gəminin yanvarın 15-də
Kaliforniya sahillərinə enməsi gözlənilir.




Oleq Platonovdan başqa, “Crew-11” heyətinə amerikalı
astronavtlar Zena Kardman və Maykl Fink, eləcə də yapon astronavtı
Kimiya Yui daxildir. Heyət 2025-ci ilin avqustunda Beynəlxalq
Kosmik Stansiyaya çatmışdı və ilkin plana əsasən fevralın sonuna
qədər orbitdə qalmalı idi.

NASA bildirib ki, heyətin vaxtından əvvəl geri qayıtması
astronavtlardan birinin iştirakı ilə baş vermiş tibbi hadisə ilə
əlaqədardır. Agentlik ekipaj üzvünün şəxsiyyəti və ilkin diaqnozu
açıqlamasa da, onun vəziyyətinin stabil olduğunu vurğulayıb. Qeyd
edilib ki, hadisə stansiyanın əməliyyatları, açıq kosmosa çıxış
hazırlığı və ya hər hansı zədə ilə bağlı olmayıb.