Almaniya ilk hərbi heyətini bu həftə Qrenlandiyaya göndərəcək

Baş səhifə

Bakı. Trend:

Almaniya bu həftə hərbçilərdən ibarət ilk heyəti Qrenlandiyaya
göndərəcək.

Trend xəbər verir
ki, bu barədə “Bild” qəzeti Almaniya və Skandinaviya mənbələrinə
istinadla məlumat yayıb.




Məlumata görə, əvvəlcə Almaniya Silahlı Qüvvələrinin
(Bundesverin) bir neçə üzvündən ibarət öncü dəstə adaya
göndəriləcək. Federal hökumət və Bundestaq mənbələrinin verdiyi
məlumata əsasən, ilk kəşfiyyat qrupu yanvarın 15-də yola düşəcək.
Bundesver adanı Avropa İttifaqına üzv ölkələrin ordularının birgə
missiyası çərçivəsində Almaniyanın töhfəsini araşdırmaq məqsədilə
zabitlər və logistika heyətindən ibarət kontingent göndərəcək.
Missiyada Almaniyanın yüksək dağ hərbi briqadası ilə yanaşı, dəniz
və hava qüvvələrinin də iştirakı planlaşdırılır.

Danimarka adada hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə
artıracağını açıqlayıb və NATO-dakı digər avropalı tərəfdaşların da
bu təşəbbüsə qoşulacağı gözlənilir. Əməliyyat Danimarka tərəfindən
koordinasiya ediləcək və ABŞ-ın rəhbərliyi altındakı NATO
strukturları vasitəsilə aparılmayacaq, çünki NATO-nun Şimali Avropa
ölkələri, o cümlədən Qrenlandiya, Norfolkdakı ABŞ komandanlığına
tabedir.