Heyvalı kəndində 45 ev tam bərpa edilib – Afət Telmanqızı

Baş səhifə

Ağdərə. Trend:

Ağdərə rayonunun Heyvalı kəndində mövcud olan 126 fərdi evdən
45-i artıq tam bərpa edilib və istismara hazırdır.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı
jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, il ərzində əlavə 50 evin bərpası nəzərdə
tutulur:




“Artıq doğma yurduna qayıdan 19 ailə (74 nəfər) üçün bütün
zəruri şərait yaradılıb. Kəndin yenidən qurulması çərçivəsində
sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər
aparılıb. Mövcud iki transformator, enerji və qaz xətləri bərpa
olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin
olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin
inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr
uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub,
sakinlərin istirahəti üçün yeni park salınıb”.

Qeyd edək ki, Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati
ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan
əvvəl yerli əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük və
heyvandarlıq olub, kənddə məktəb, klub və poçt kimi sosial
obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən
antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.