Paşinyan: TRIPP layihəsi üzrə hazırlanan formul ABŞ və Ermənistanı qane edir

Baş səhifə
Paşinyan: TRIPP layihəsi üzrə hazırlanan formul ABŞ və Ermənistanı qane edir

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi məsələsində tərəflər Ermənistan və ABŞ-ni tam şəkildə qane edən formul hazırlaya biliblər.

“Report” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sənədin layihənin həyata keçirilmə qaydası ilə bağlı müddəalarını şərh edərkən bildirib.

Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi (XİN) TRIPP layihəsinin həyata keçirilmə qaydasını müəyyən edən sənəd dərc edib. Sənəd Ermənistan XİN başçısı Ararat Mirzoyan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim edilib.

N.Paşinyanın sözlərinə görə, Bakı tərəfindən sənədə rəsmi reaksiya hələ olmayıb, lakin o hesab edir ki, təklif olunan formul Azərbaycan tərəfinin maraqları ilə tam şəkildə həmahəngdir.

Baş nazir, həmçinin “Tramp marşrutu”nun həyata keçirilməsinin regionda uzunmüddətli sülhə yol açdığına əminliyini ifadə edib.

“Artıq bu gün region, xüsusilə dünyada baş verən hadisələrin fonunda daha təhlükəsiz bir mühiti təmsil edir”, – o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, layihənin irəliləməsində ABŞ Prezidenti Donald Trampın şəxsi marağı həlledici rol oynayıb.

Baş nazir qeyd edib ki, Ermənistan Avropa İttifaqının “Tramp marşrutu”na cəlb olunmasında maraqlıdır.