Aktau və Bakı arasında dənizlə yükdaşımalarının həcmi artıb

Baş səhifə

Astana. Trend:

“Kazmotransflot” (KazMunayGas (KMG) şirkətinin törəmə
müəssisəsi) 2025-ci ildə Aktau–Bakı–Aktau istiqamətində iyirmi
futluq ekvivalentdə (TEU) 59,4 min konteyner daşıyıb.

Trend bu barədə
KMG-ə istinadən xəbər verir.

Məlumata əsasən, 2024-cü illə müqayisədə yükdaşımaları 15
faizdən çox artıb.

“Bu müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu
üzrə daşımalarına tələbatın artması ilə şərtlənir”, – şirkətdən
bildirilib.




Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci
ildə ölkənin dəniz nəqliyyatı ilə 4,002 milyon ton yük daşınıb. Bu,
2024-cü illə müqayisədə yükdaşımaların 42 faiz artdığını göstərir.
Yük dövriyyəsi 1,860 milyard ton-kilometr təşkil edib və 2024-cü
illə müqayisədə 17,6 faiz artıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.