
Bakı. Trend:
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi ölkə ərazisində istehsal olunan, eləcə də idxal və ixrac
edilən dini təyinatlı ədəbiyyatın kağız və elektron
daşıyıcılarında, audio və video materialların, dini məzmunlu mal və
məmulatların, habelə bu istiqamətdə olan digər məlumat
materiallarının dinşünaslıq ekspertizasını həyata keçirir. Aparılan
dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini
ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda
dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Komitədən məlumat
verilib.
Bildirilib ki, bununla yanaşı, Komitə dini təyinatlı ədəbiyyatın
və digər dini məzmunlu materialların qanunvericiliyin tələblərinə
uyğun şəkildə nəzarət markası verilməsini təmin edir.
“Dövlət Komitəsində ekspertizası keçirilən dini məzmunlu bütün
materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil
olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən şəxsi istifadə,
satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına
müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və
mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini
ədəbiyyatlar, dini ədəbiyyatların ixracı ilə bağlı olan
müraciətlərdir.
Qeyd edilib ki, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına
təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki
hissədən – tədqiqi hissə və nəticədən ibarət olur. Dini ədəbiyyatın
çapı və ya idxalı məqsədəuyğun hesab edilmədiyi halda rəydə bunun
səbəbi göstərilir.
“Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi və
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının
Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında
mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer
almaqdadır. Dinşünaslıq ekspertizasının məqsədi məhz sağlam mənəvi
mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının
qorunmasıdır. Qeyd edilən meyarlar əsasında 2025-ci ildə ölkəyə
idxal edilməsi və ölkə daxilində nəşr olunması məqsədilə daxil
olmuş müraciətlər əsasında ümumilikdə 3598 adda dini məzmunlu
ədəbiyyata baxılıb. Həmin materiallardan 3385 adda ədəbiyyat idxal,
213 adda ədəbiyyat isə nəşr üçün təqdim edilib. Aparılan
dinşünaslıq ekspertizasının nəticələrinə görə 3549 adda dini
ədəbiyyatın idxalına və nəşrinə müvafiq razılıq verilib, 49 adda
dini ədəbiyyatın idxal və nəşri isə məqsədəuyğun sayılmayıb”, –
qurumdan əlavə olunub.


