
Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəki rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
16:28
Şəkidə 66 yaşlı kişi aldığı xəsarətlərdən ölüb, saxlanılan var.
APA-nın yerli bürosunun xəbərinə görə, yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisa yaranıb. Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən düşüb. Həmin şəxs yolda yıxılaraq yenidən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən S.Nəbiyev aldığı xəsarətlərdən bu gün orada ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


