
Bakı. Trend:
Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə
olunmaqla biznes potensialının reallaşdırılmasına dair müzakirələr
aparılıb, sahibkarların təklifləri dinlənilib.
Trend xəbər
verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Tədbirdə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, gülçülük,
ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 130-dan çox
sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak
ediblər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi
potensialı, sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit,
həmçinin biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə
məlumat verib. Qeyd olunub ki, Zərdab rayonunda kənd təsərrüfatı və
heyvandarlıq aparıcı yer tutur. Əkinçilik, taxılçılıq, baramaçılıq,
balıqçılıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Rayonun
relyefi, Kür çayı və onun üzərində formalaşmış suvarma
sistemlərinin yaxınlığında yerləşməsi kənd təsərrüfatı üçün
əlverişli coğrafi şərait yaradır, bu da onun iqtisadi potensialını
gücləndirir. Bu imkanlardan istifadə etməklə Zərdabda biznes qurmaq
və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək
mexanizmlərindən faydalana bilərlər.
Görüşdə güzəştli kreditlərin verilməsi, soyuducu anbarların
sayının artırılması, ictimai-iaşə obyektində uşaq əyləncə
mərkəzinin tikintisi ilə bağlı sənədləşmə, qrant müsabiqələrində
iştirak, məişət sertifikatının alınması, taxılçılıq sahəsi üçün
süni suvarma sistemlərinin qurulması və s. məsələlər müzakirə
edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib,
sualları cavablandırılıb.
Zərdab rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri sahibkar
Emil Məlikzadənin tikiş sexində və “Zəfər X” MMC-nın plastik və
taxta qapı-pəncərə istehsalı müəssisəsində də olublar. Müəssisələr
ilə tanışlıq zamanı sahibkarların gələcək planlarının
reallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikir
mübadiləsi aparılıb.


