Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək

Baş səhifə

Bakı. Trend:

“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, bu ildən
Azərbaycanda “üfüqi monitorinq”in tətbiqinə start verildi. Yeni
monitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq
imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının
keçirilməsi yalnız istisna hallarda mümkün olacaq.

Trend xəbər
verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında
yazıb.

Millət vəklili bildirib ki, praktik olaraq, yeni qaydalar səyyar
yoxlamaların sayını daha da minimumlaşdıracaq:

“Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması
müşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi
ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb.
Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29 %, 2018-ci ilə
nisbətən isə 5 dəfə azalıb”.

Deputat vurğulayıb ki, yeni monitorinqdə vacib məqamlardan biri
də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır:




“Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına
açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız
açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə – 25 %
maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur”.

B.Bayramov əlavə edib ki, vergi orqanı “üfüqi monitorinq”in
əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron
formada izləyəcək.

“Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi
ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və
korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək “üfüqi
monitorinq” iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı
azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin
verilməsi də nəzərdə tutulur.

Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin
tətbiq edən orta və iri sahibkarlar “üfüqi monitorinq”ə qoşula
bilərlər. Bu həmçinin orta və iri ödəyicilərlə vergi orqanları
arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur”, –
deyə o qeyd edib.