Etiraz etmək İran vətəndaşlarının haqqıdır – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

Öz haqlarını əldə etmək üçün etiraz etmək İran vətəndaşlarının
haqqıdır.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran
vətəndaşlarına müraciətində deyib.

Onun sözlərinə görə, İran hökuməti bu istiqamətdə vətəndaşlarla
danışıqlar aparmaq və problemləri həll etməyə çalışır.

Pezeşkian bildirib ki, hökumət etiraz edən, haqqını tələb edən
və nigaranlığı olan heç bir şəxsi görməməzlikdən gəlmir.




“Mən özüm etirazçılardan bir qrupu ilə iclas təşkil etmişəm. Hər
hansı nigaranlıqları varsa, kömək etmək əzmində olduğumuzu
bildirdik”, – deyə o qeyd edib.

Pezeşkian deyib ki, İran hökuməti ədalətin icra olunması
istiqamətində vətəndaşlara vədlər verib. Bu məsələdə hər hansı
ayrı-seçkilik olmayacaq. Hökumət korrupsiya, renta, qaçaqçılıq,
rüşvətxorluğun kökünü qurutmağa çalışır. Çünki nəticə etibarı ilə
qaçaqçılıq, renta, korrupsiya və sairənin qurbanı İran vətəndaşları
olur.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.