İranda etirazlar: Tibb işçiləri xəstəxanaların “yaralılarla dolub-daşdığını” deyirlər

Baş səhifə
Tehranda cümə günü maşınlar yandırılıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Tehranda cümə günü maşınlar yandırılıb

    • Müəllif, Helen Sullivan, Soroush Pakzad və Roja Asadi
    • Vəzifə, BBC

İranda iki xəstəxanada çalışan bir həkim və bir tibb işçisi BBC-yə tibb müəssisələrinin yaralılarla dolub-daşdığını deyiblər.

Ölkədə hakimiyyətə qarşı etirazlar hələ davam edir.

Həkimlərdən biri Tehranda yerləşən bir göz xəstəxanasının böhran rejiminə keçdiyini bildirib.

BBC, eyni zamanda başqa bir xəstəxanada çalışan tibb işçisindən də xəstə axını ilə üzləşdiklərini, amma kifayət qədər cərrahlarının olmadığına dair bir mesaj əldə edib.

Cümə günü ABŞ prezidenti Donald Tramp İranın “böyük problemlərlə üz-üzə” olduğunu bildirib və xəbərdarlıq edib: “Güllə atmağa başlamayın, yoxsa biz də atmağa başlayarıq.”

İran isə BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda etirazların onun sözləri ilə desək, “zorakı dağıdıcı hərəkətlərə və genişmiqyaslı vandalizmə” çevrilməsində ABŞ-ı günahlandırıb.

İranda etirazlar dekabr ayının axırlarından iqtisadi vəziyyətin ağırlaşmasından sonra başlayıb.

Videonun alt yazısı, Bax: İranın Kərəc şəhərində hökumət binasına od vurulub

Etirazlar bundan sonra İranın bütün vilayətlərində 100-dən çox şəhər və qəsəbəyə yayılıb.

İnsan hüquqlarını izləyən təşkilatların məlumatına görə, onlarla etirazçı öldürülüb, yüzlərlə insan saxlanılıb.

BBC və əksər digər beynəlxalq xəbər təşkilatlarının İran daxilində reportaj hazırlamasına qadağa qoyulub.

Ölkədə yanvarın 8-dən bəri demək olar ki, tam internet blokadası tətbiq olunur ki, bu da məlumatların əldə edilməsini və yoxlanmasını son dərəcə çətinləşdirir.

Videonun alt yazısı, İranda etirazlar genişlənir: Bayraq endirildi və heykəl aşırıldı

Cümə gecəsi Starlink peyk bağlantısı vasitəsilə BBC ilə əlaqə saxlayan iranlı bir həkim bildirib ki, Tehranın əsas göz xəstəxanası olan Farabi xəstəxanası böhran rejiminə keçib və təcili yardım xidmətləri yaralıların çoxluğu səbəbindən iflic vəziyyətinə düşüb.

Bildirildiyinə görə, təcili olmayan hospitalizasiya və əməliyyatlar dayandırılıb, personal isə fövqəladə hallarla məşğul olmaq üçün işə çağırılıb.

BBC həmçinin cümə axşamı ölkənin cənub-qərbində yerləşən Şiraz şəhərindəki bir xəstəxanada çalışan tibb işçisindən video və səsli mesaj əldə edib.

Həmin şəxs çox sayda yaralının gətirildiyini və xəstəxanada bu axının öhdəsindən gəlmək üçün kifayət qədər cərrah olmadığını deyib.

Onun sözlərinə görə, yaralıların çoxunda baş və göz nahiyəsindən güllə yaraları var idi.

Tehrandakı başqa bir xəstəxananın tibb işçisi də BBC-yə onların xəstələri arasında güllə yarası alanların olduğunu bildirib.

İrandan yayılan kadrlar cümə gecəsi Tehranda etirazçıların kütləvi şəkildə küçələrə çıxdığını, nəqliyyat vasitələrini yandırdığını və paytaxtın yaxınlığındakı Kərəc şəhərində bir hökumət binasının od vurularaq yandırıldığını göstərir.

Bundan sonra İran ordusu ictimai mülkiyyəti və milli maraqları qorumaq üçün təhlükəsizlik qüvvələrinə qoşulacağını bəyan edib.

Bu qərar iğtişaşların bütün ölkə ərazisinə yayılması səbəbindən İran təhlükəsizlik qüvvələrinin yük altında qalması ilə bağlı xəbərlərdən sonra verilib.

Cümə günü İran hakimiyyəti etirazçılara qarşı bir sıra əlaqələndirilmiş xəbərdarlıqlar yayıb.

Milli Təhlükəsizlik Şurası “silahlı vandalizm” adlandırdığı hallara qarşı “qəti” hüquqi tədbirlərin görüləcəyini bildirib.

İran

ABŞ-da yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, aksiyalar dekabrın 28-dən başlayandan bəri azı 51 etirazçı, o cümlədən yeddi uşaq, eləcə də 21 təhlükəsizlik əməkdaşı həlak olub.

Qrupun bildirdiyinə əsasən, bundan başqa 2 300-dən çox insan saxlanılıb.

Norveçdə yerləşən Iran Human Rights təşkilatı (IHRNGO) azı 51 etirazçının, o cümlədən doqquz uşağın öldürüldüyünü bildirir.

BBC Farsca indiyədək öldürülmüş 26 etirazçının, o cümlədən altı uşağın şəxsiyyətini müəyyənləşdirib.

İran polisi cümə gecəsi Tehranda heç kimin öldürülmədiyini iddia edib, lakin 26 binanın yandırıldığını və bunun nəticəsində genişmiqyaslı ziyan dəydiyini açıqlayıb.

BMT baş katibinin sözçüsü Stéphane Dujarric beynəlxalq təşkilatın insan itkilərindən ciddi narahat olduğunu bildirib.

Onun sözlərinə görə, “Dünyanın istənilən yerində insanlar dinc şəkildə etiraz etmək hüququna malikdirlər və hökumətlər bu hüququ qorumaq, ona hörmət edilməsini təmin etmək məsuliyyəti daşıyırlar”.

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Ser Kir Starmer və Almaniya kansleri Fridrix Merts birgə bəyanat yayaraq İran hakimiyyətini “təzyiq qorxusu olmadan fikir ifadə etmək və dinc toplaşmaq azadlığını təmin etməyə” çağırıblar.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei cümə günü televiziya ilə yayımlanan çıxışında qəti mövqe nümayiş etdirərək deyib:

“İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına yaradılıb və bunu inkar edənlərin qarşısında geri çəkilməyəcək”.

Sonradan dövlət televiziyasında yayımlanan başqa açıqlamasında Xamenei onun sözlərinə görə, “ABŞ prezidentini razı salmağa çalışan dağıdıcı ünsürlər”lə mübarizədən rejimin “çəkinməyəcəyini” bir daha vurğulayıb.

Bunun əksinə olaraq, 1979-cu ildə İslam inqilabı nəticəsində devrilmiş İranın son şahının oğlu etirazları “möhtəşəm” adlandırıb və iranlıları həftəsonu boyunca aksiyaları davam etdirməyə çağırıb.

“Məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ keçirməyə və nəzarətdə saxlamağa hazırlaşmaqdır”, – Reza Pəhləvi sosial şəbəkədə paylaşdığı videoda bildirib.

ABŞ-da yaşayan vəliəhd şahzadə ölkəyə qayıtmağa hazırlaşdığını da açıqlayıb.

Videonun alt yazısı, Xameneinin etirazçılara cavabı: “Geri çəkilməyəcəyik”

Böyük Britaniyanın İrandakı keçmiş səfiri Ser Simon Gass BBC Radio 4‑ün Today proqramına bildirib ki, rejim dəyişikliyi mövzusunda danışarkən “həddindən artıq irəli getməməliyik”.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə İran daxilində təşkilatlanmış müxalifətin olmaması insanların ətrafında birləşə biləcəyi alternativ bir fiqurun mövcud olmaması deməkdir.

Bununla belə, Ser Simon Gass qeyd edib ki, bu etirazlar əvvəlki lokal alovlanmalardan fərqli olaraq, “daha geniş miqyaslı bir hərəkatdır”.

O bildirib ki, əvvəlki etirazlar, əsasən, iranlıların iqtisadi fəlakət fonunda “gün-güzəranlarını dolandırmağın demək olar ki, mümkün olmaması” səbəbindən baş qaldırırdı.

Cümə günü ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə ünvanladığı hədəsini bir daha təkrarlayaraq, əgər onlar “insanları öldürməyə başlasalar”, ABŞ-ın onları “çox sərt vuracağını” deyib.

Tramp bunun “quru qoşunlarının göndərilməsi” mənasına gəlmədiyini dəqiqləşdirib. Ötən il ABŞ İranın nüvə obyektlərinə hava zərbələri endirmişdi.

Bu arada ABŞ Dövlət Departamenti İran xarici işlər nazirinin Vaşinqton və İsraili etirazları qızışdırmaqda ittiham etməsini rejimin üzləşdiyi problemlərdən diqqəti yayındırmaq üçün “xəyalpərəst bir cəhd” adlandırıb.

İranda 14 il həbsdə olmuş siyasi fəal Təqi Rəhmani də ABŞ-ın mümkün dəstəyinə şübhə ilə yanaşdığını bildirib.

Rəhmaninin həyat yoldaşı, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi dekabrda yenidən həbs olunub.

“Biz hesab edirik ki, xarici müdaxilə müxalifəti asılı vəziyyətə salacaq”, – o, Today proqramına deyib.

“Müxalifət asılı olanda milli maraqları həmin hökumət naminə qurban vermək məcburiyyətində qalırsan. Bu, İran xalqı üçün qəbulolunan deyil”.

Hazırkı etirazlar 2022‑ci ildə əxlaq polisi tərəfindən düzgün hicab taxmamaqda ittiham edilərək saxlanılan və nəzarətdə olarkən həyatını itirən Mahsa Amini hadisəsindən sonra başlayan üsyandan bəri ən genişmiqyaslı aksiyalar hesab olunur.

İnsan haqları qruplarının məlumatına görə, həmin etirazlar zamanı 550‑dən çox insan öldürülüb, 20 min nəfər isə saxlanılıb.