Tehranda 26 bank və 10 dövlət obyekti yandırılıb – Mer

Baş səhifə

Bakı. Trend:

Ötən sutka ərzində İranda keçirilən etiraz aksiyaları zamanı
paytaxt Tehran şəhərində 26-dan çox bank filialı və 10 dövlət
obyekti yandırılıb.

Trend-in
məlumatına görə, bunu Tehran meri Əlirza Zakani yerli mediaya
açıqlamasında deyib.

Onun sözlərinə görə, iğtişaşçılar tərəfindən paytaxtda 25-dən
çox məscid və 47 avtobus da yandırılıb.




Zakani bildirib ki, həmçinin iğtişaşçılar 3 polis bölməsinə və
25 “Bəsic” bölməsinə hücum ediblər. Onlar istənilən cinayətə əl
atıblar.

Tehran meri əlavə edib ki, hazırda etirazlarda iğtişaşçılar üç
dəstəyə bölünürlər. Birinci dəstə müxtəlif qrupların təşviqinə
aldanaraq küçələrə axışır və cinayətlər törədirlər. Onlar konkret
məqsədi olmayan və emosiyalara qapılmış gənc qızlar və oğlanlardır.
Lakin məhz bu şəxslər iğtişaşçılar tərəfindən atəşə tutularaq
öldürülüb. İkinci dəstə quldurlardır və əllərinə keçən əmlakı qarət
etməklə məşğuldur. Üçüncü dəstə isə hakimiyyəti devirmək üçün
çalışır. İranın Məhkəmə Sisteminin qərarına əsasən üçüncü dəstə
birbaşa cinayətə cəlb olunacaq şəxslərdir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.