“Alphabet” “Apple”ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub

Baş səhifə

Bakı. Trend:

“Google”ın ana şirkəti “Alphabet” 2019-cu ildən bəri ilk dəfə
bazar kapitallaşmasına görə “Apple”ı keçərək “Nvidia”dan sonra
dünyanın ikinci ən dəyərli şirkəti olub.

Trend xəbər verir
ki, bu barədə “Yahoo Finance” məlumat yayıb.

Ticarətin bağlanışına olan məlumata görə, “Alphabet”in bazar
kapitallaşması 3,94 trilyon dollara, “Apple”ın bazar dəyəri isə
3,84 trilyon dollara çatıb. Bu artım əsasən “Google”ın süni
intellekt strategiyasının bazar tərəfindən müsbət qarşılanması ilə
əlaqələndirilir. “Apple” isə bu sahədə rəqiblərindən geri qalmaqda
davam edir.

Qeyd olunur ki, “Alphabet”in səhmləri 2025-ci ildə 65 faiz
artaraq “Möhtəşəm yeddilik” adlandırılan şirkətlər qrupundakı digər
nəhəngləri geridə qoyub. Bu yüksəliş “Google”ın süni intellekt
sahəsində mövqelərinin güclənməsi ilə izah olunur. Belə ki, “Gemini
3” modeli əsas etalon göstəricilər üzrə rəqiblərini üstələyib,
şirkətin öz süni intellekt çipləri isə “Nvidia” məhsullarına
alternativ kimi təqdim olunaraq “Meta” və “Anthropic” kimi
müştəriləri cəlb edib.




Bu arada, “Apple” hələlik irəliləyişli süni intellekt həlləri
təqdim etməyib. İnvestorlar şirkətin “Siri” səs köməkçisinin
yenilənməsini gözləyirlər.

Bununla belə, “Alphabet”in bazar kapitallaşması hələ də təxminən
4,5 trilyon dollar dəyərində qiymətləndirilən “Nvidia”dan geri
qalır.

“Bernstein” analitiki Steysi Rasqonun sözlərinə görə,
“Gemini”nin uğuru mühümdür, lakin hazırda əsas diqqət modelin
texniki göstəricilərindən daha çox onun məhsul kimi qəbuluna və
gəlir gətirmə potensialına yönəlib”.