Paytaxtda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat
sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm
layihənin icrasına başlanılıb.

Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində “Çinarlı” yaşayış kompleksini
Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada
tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər “Bakı
Metropoliteni” QSC-nin xidməti ərazisinin altından keçməklə
layihələndirilib.

Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr,
hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metr
təşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşa
ediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalar
üçün piyada səkilərinin inşası da nəzərdə tutulub.

Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9
metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili
hündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.




Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrinin
yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin
artırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmət
edəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahat
hərəkətini təmin etməklə yanaşı, piyada tuneli sakinlərin qarşı
tərəfə təhlükəsiz keçidini mümkün edəcək. Bu isə xüsusilə ətrafda
yaşayan əhalinin gündəlik hərəkət rahatlığını əhəmiyyətli dərəcədə
artıracaq.

Layihənin icrası zamanı müasir yol-nəqliyyat standartlarına
uyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirin
minimuma endirilməsi nəzərdə tutulur.

Tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayev
küçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınının
optimallaşdırılması, şəhər infrastrukturunun funksionallığının
yüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha
səmərəli təşkili təmin olunacaq.

Qeyd olunan küçələr arasındakı mövcud piyadalar üçün yeraltı
keçid ərazidə avtomobillərin və piyadaların hərəkəti üçün yeni
yeraltı tunellər layihələndirildiyindən bağlanıb.