Azərbaycan bərpa olunan enerji sahəsində regional liderə çevrilir – Deputat

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron”
Külək Elektrik Stansiyasının açılış mərasimində səsləndirdiyi
fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti
uzunmüddətli strateji baxışa, qlobal çağırışlara adekvat yanaşmaya
və milli maraqlara söykənir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.

Deputat bildirib ki, bu mühüm layihənin istismara verilməsi
təkcə yeni bir enerji obyektinin açılışı deyil, eyni zamanda
ölkəmizin bərpa olunan enerji sahəsində atdığı ardıcıl və
məqsədyönlü addımların məntiqi nəticəsidir:

“240 meqavat gücündə olan “Xızı-Abşeron” Külək Elektrik
Stansiyası Azərbaycanın enerji balansında bərpa olunan mənbələrin
payının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident
İlham Əliyevin vurğuladığı kimi, bu layihə ölkənin ümumi inkişafına
töhfə verməklə yanaşı, enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə qlobal enerji
bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə daxili enerji
dayanıqlığının gücləndirilməsi strateji üstünlükdür.

Bu stansiyanın inşasında beynəlxalq şirkətlərin iştirakı
Azərbaycanın investisiya mühitinə olan yüksək etimadın
göstəricisidir. “ACWA Power” və “Power China” kimi aparıcı
şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi, gələcək layihələrdə də
iştirak etmək niyyətləri Azərbaycanın etibarlı tərəfdaş kimi
tanındığını bir daha təsdiqləyir. Xarici investorlarla qurulan bu
əməkdaşlıq modeli texnologiyaların transferinə, yeni təcrübələrin
tətbiqinə və yerli mütəxəssislərin peşəkarlığının artmasına da
şərait yaradır”.

Deputat vurğulayıb ki, son illər energetika sahəsində həyata
keçirilən islahatlar nəticəsində Azərbaycan güclü və müasir enerji
sisteminə malik ölkəyə çevrilib:

“Generasiya güclərinin əhəmiyyətli dərəcədə artırılması, ötürücü
xətlərin və yarımstansiyaların yenilənməsi ölkənin artan tələbatını
tam ödəməyə, eyni zamanda elektrik enerjisinin ixrac imkanlarını
genişləndirməyə şərait yaradır. Ənənəvi və bərpa olunan enerji
mənbələrinin paralel inkişafı isə balanslı və davamlı enerji
siyasətinin əsasını təşkil edir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm
məqamlardan biri də Azərbaycanın bərpa olunan enerji potensialının
coğrafi baxımdan genişliyidir. Ölkənin demək olar ki, bütün
bölgələrində Günəş və külək enerjisi layihələrinin reallaşdırılması
mümkündür. Xüsusilə Xəzər dənizinin külək potensialı gələcəkdə
Azərbaycanın regional və qlobal enerji bazarlarında rolunu daha da
gücləndirə bilər.

Eyni zamanda, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur
ərazilərində yaradılan “yaşıl enerji zonası” konsepsiyası
postmünaqişə dövrünün mühüm inkişaf istiqamətlərindən biridir. Qısa
müddət ərzində onlarla kiçik su elektrik stansiyasının inşa
edilməsi həmin ərazilərin həm enerji təminatını, həm də iqtisadi
dirçəlişini sürətləndirir. Bu yanaşma ekoloji cəhətdən təmiz və
dayanıqlı inkişaf modelinin uğurla tətbiq olunduğunu göstərir”.

A.Həsənova əlavə edib ki, bərpa olunan enerji istehsalının
artması enerji saxlanması infrastrukturunun da inkişafını zəruri
edir:

“Bu baxımdan ölkəmizdə ilk dəfə Batareya Enerji Saxlanc
Sisteminin yaradılması gələcəyə hesablanmış mühüm addımdır. Bu cür
layihələr enerji sisteminin çevikliyini və etibarlılığını daha da
artıracaq.

Nəticə etibarilə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının
açılışı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin
başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin
müəyyənləşdirdiyi kurs ölkəmizi təkcə enerji istehsalçısı deyil,
eyni zamanda bərpa olunan enerji sahəsində regional liderə çevirmək
məqsədi daşıyır. Bu siyasət Azərbaycanın uzunmüddətli inkişafına,
ekoloji təhlükəsizliyinə və qlobal enerji təhlükəsizliyinə verdiyi
töhfənin bariz nümunəsidir”.