Almaniya sənayesinə olan sifarişlərdə artım müşahidə olunub

Baş səhifə

Bakı. Trend:

Almaniya sənayesi noyabrda əvvəlki ayla müqayisədə 5,6 faiz çox
sifariş alıb.

Trend xəbər verir ki, bu
barədə Federal Statistika İdarəsinin məlumatında qeyd olunub.

Bu, 2024-cü ilin dekabrından bəri ən yüksək göstərici olmaqla
yanaşı, sifarişlərdə artımın qeydə alındığı ardıcıl üçüncü
aydır.




İnkişaf əsasən metal məmulatları istehsalçıları üzrə
sifarişlərin 25,3 faiz, digər nəqliyyat vasitələrinin (təyyarələr,
gəmilər, qatarlar, hərbi texnika) istehsalı sahəsində isə 12,3 faiz
artması ilə bağlıdır. Bu sahələrdə irihəcmli sifarişlər qeydə
alınıb.

Bundan başqa, elektrik, maşınqayırma və məlumat emalı
avadanlıqları istehsalı sahələrində də müəyyən artım müşahidə
olunub.

Noyabrda daxili tələbat əvvəlki ayla müqayisədə 6,5 faiz, xarici
tələbat isə 4,9 faiz artıb. Avrozonadan gələn sifarişlər 8,2 faiz,
dünyanın qalan hissəsindən olan sifarişlər isə 2,9 faiz yüksəlib.
Bu tempin davam edib-etməyəcəyi qeyri-müəyyən olsa da, analitiklər
sənayedə vəziyyətin hələ də gərgin olaraq qaldığını ifadə
edirlər.