
Bakı. Trend:
“Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı
gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb.
Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan
2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki,
bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı
deməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar – Çinin
“BTIEC”, Almaniyanın “Gebr. Pfeifer” and “Claudius Peters”
şirkətləri cəlb edilib.
Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement
bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də,
şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir:
“Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və
ixrac imkanlarını nəzərə alaraq, zavodun istehsal gücünü artırmağa
qərar verdik. Norm Sement zavodunun klinker istehsalı gücünün
artırılması bizim üçün həm daxili bazarı təmin etmək, həm də xarici
bazarlara klinker ixracı imkanlarını genişləndirmək baxımından
mühüm addım oldu. Bu təşəbbüs, növbəti 15-20 il ərzində ölkə
daxilində sement və klinker tələbatının yerli istehsal hesabına tam
qarşılanmasını təmin etməklə, Azərbaycanın sənaye potensialının
gücləndirilməsinə xidmət edəcək”.
“Norm”ASC-nin innovasiyalara davamlı sərmayəsi enerji sənayesi
üçün strateji əhəmiyyət daşıyan quyu-tamponaj sementinin
istehsalında da öz əksini tapır. Bu məhsul neft-qaz sektorunda
quyuların təhlükəsizliyinin və etibarlılığının təmin olunmasında
mühüm rol oynayır. Şirkət bu istiqamətdə Azərbaycandakı SLB,
həmçinin bp kimi beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq
edir və tərəfdaşlıq münasibətlərini ildən-ilə genişləndirir.
Hazırda məhsul Orta Asiya ölkələrindən bəzilərinə ixrac olunur.
Qarşıdan gələn illərdə quyu-tamponaj sementinin ixrac imkanlarının
artırılması və ixrac coğrafiyasının genişləndirilməsi nəzərdə
tutulur. Qeyd edək ki, Norm xüsusi növ sement sayılan quyu-tamponaj
sementinin Azərbaycanda yeganə istehsalçısıdır və şirkət, 2021-ci
ildə Cənubi Qafqazda ilk dəfə olaraq, bu məhsulun istehsalı ilə
bağlı Amerika Neft İnstitutundan müvafiq API sertifikatı əldə
edib.
Həm sənaye, həm də ekoloji baxımdan məsuliyyətli fəaliyyət
sərgiləyərən Norm, istehsal proseslərinin modernləşdirilməsi,
resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması
istiqamətində də investisiyalar yatırır. İstehsal gücünün
artırılması ilə yanaşı şirkət tərəfindən ötən ildən etibarən sement
istehsalında klinker əmsalı 5%-ə qədər azaldılıb ki, bu da təxminən
85 min ton klinkerin əlavə sement istehsalına yönəldilməsinə imkan
verir. Ölkənin sement istehsalı üzrə aparıcı müəssisəsi və tikinti
materialları istehsalçısı olaraq, Norm məhsullarının klinker
əmsalını optimizasiya etməklə, spesifik CO₂ emissiyalarını
azaltmağı dayanıqlı inkişaf məqsədləri çərçivəsində ön planda
tutur.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir. Ölkə
iqtisadiyyatının davamlı inkişafına dəstək məqsədilə NEQSOL Holding
bir sıra investisiya layihələrinə imza atır. Norm Sement zavodunun
istehsal gücünün artırılmasına yönəldilən sərmayə də bu
strategiyanın mühüm tərkib hissəsini təşkil edir.


