Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır?

Baş səhifə

Bakı.Trend:

Son günlər ölkə ərazisində soyuq hava şəraiti müşahidə olunur.
Bu cür hava şəraitində avtomobillərin sürüşməsi də yol hərəkətində
ən ciddi risklərdən birinə çevrilir. Temperaturun sıfır dərəcəyə
yaxınlaşması ilə yollarda buzlanma yaranır, bu da təkərlərin yol
səthi ilə təmasını zəiflədir və qəza ehtimalını artırır. Xüsusilə
sürücülərin sürət həddinə riayət etməməsi, yay təkərlərindən
istifadə və qəfil manevrlər sürüşmə hallarının daha da artmasına
səbəb olur.

Məsələ ilə bağlı Trend-ə avtomobil təmiri mütəxəssisi Razil Nağıyev
bildirib ki, əslində qışa hazırlıq işlərinə qar yağmağa başladıqdan
sonra deyil, hava temperaturu sabit şəkildə aşağı düşməzdən əvvəl
başlanmalıdır.

Onun sözlərinə görə, texniki baxımdan optimal dövr oktyabr
ayının ikinci yarısı və noyabr ayının əvvəli hesab olunur. Bu
dövrdə görülən tədbirlər avtomobilin qış şəraitində təhlükəsiz və
stabil istismarını təmin edir.

“Qış mövsümünə hazırlığın ən vacib mərhələsi qış təkərlərinə
keçiddir. Hava temperaturu +7°C-dən aşağı düşdükdə yay təkərləri
elastikliyini itirir və yol tutumu kəskin azalır. Qış təkərləri isə
yumşaq rezin tərkibi və xüsusi protektor quruluşu sayəsində qar və
buz üzərində daha yaxşı tutum yaradır və əyləc məsafəsini
əhəmiyyətli dərəcədə azaldır”.

O vurğulayıb ki, bununla yanaşı, soyuducu sistemdə istifadə
olunan antifrizin vəziyyəti mütləq yoxlanılmalıdır:

“Antifriz dərəcəsi minimum -30°C səviyyəsində olmalıdır. Sistemə
su qatılması və ya uyğun olmayan mayenin istifadəsi şaxtalı havada
radiatorun və mühərrikin ciddi zədələnməsinə səbəb ola bilər. Soyuq
hava akkumulyatorun iş qabiliyyətinə də birbaşa təsir göstərir. Qış
aylarında akkumulyatorun gücü təxminən 30–40% azalır. Bu səbəbdən
köhnə və zəif akkumulyatorlar səhər saatlarında avtomobilin işə
düşməməsinə və sürücünün yolda qalmasına gətirib çıxara bilər”.

Mütəxəssis qeyd edib ki, qış mövsümündə mühərrik yağının seçimi
də xüsusi əhəmiyyət daşıyır. Daha axıcı və aşağı temperaturda öz
xüsusiyyətlərini saxlayan yağların istifadəsi mühərrikin soyuq
start zamanı rahat işləməsini təmin edir və daxili aşınmanı
azaldır.




“Eyni zamanda, şüşəsilən və şüşə yuma sistemi qış rejiminə
uyğunlaşdırılmalıdır. Yay üçün nəzərdə tutulmuş şüşə yuma mayesi
şaxtalı havada donar və görmə məsafəsini ciddi şəkildə azaldar.
Silecek rezinlərinin vəziyyəti də yoxlanmalı, sərtləşmiş və aşınmış
rezinlər vaxtında dəyişdirilməlidir”,- deyə o əlavə edib.

Nəqliyyat eksperti Fərhad Eyyubov isə Trend-ə açıqlamasında
vurğulayıb ki, Azərbaycanda qış fəsli digər ölkələrlə müqayisədə
qısa çəkir. Bu səbəbdən yolların hava şəraitinə görə pisləşə
biləcəyini çox vaxt nəzərə almır və şəxsi avtomobillərimizi qış
mövsümünə lazımi səviyyədə hazırlamırıq.

“Nəqliyyat vasitələri bir neçə kateqoriyaya bölünür: ümumi
təyinatlı, xüsusi təyinatlı, idarə tabeçiliyində olan, sahibkarlara
məxsus və şəxsi istifadə edilən avtomobillər. Hər bir növ nəqliyyat
vasitəsinin özünə uyğun təmir və texniki qulluq bazası mövcuddur.
Lakin şəxsi istifadədə olan avtomobillərin əksəriyyətinə qış
mövsümünə ‘birtəhər dözək’ yanaşması ilə münasibət göstərilir”, – o
deyib.

O qeyd edib ki, müasir avtomobillərin mühərrikləri qapalı sistem
əsasında işləyir və onların antifriz sistemi, eləcə də digər
istismar mayeləri nisbətən münasib qiymətə başa gəlir.

Ekspertin fikrincə, avtomobillərin şüşə təmizləyici mayelərinə
də xüsusi diqqət yetirilməlidir. Qış mövsümü üçün nəzərdə tutulan
bəzi mayelər donmanın qarşısını almağa kömək edir.

“Qış mövsümündə avtomobillərin sürüşmə və tormozlama zamanı
manevr qabiliyyətinin təmin edilməsi üçün qış təkərlərindən
istifadə olunması tövsiyə edilir. Ümumilikdə avtomobilin qışa
hazırlanması bir neçə mərhələdən ibarətdir. İlk növbədə sürücünün
peşəkarlığı mühüm rol oynayır. Əgər sürücünün təcrübəsi kifayət
qədər deyilsə, avtomobilin qış fəslinə texniki cəhətdən hazır
olması da gözlənilən effekti verməyəcək. Bu baxımdan təcrübəsiz
sürücülərin qış aylarında zəruri olmayan səfərlərdən çəkinməsi
məqsədəuyğundur.

Növbəti amil avtomobilin konstruktiv xüsusiyyətləri ilə
bağlıdır. Təkərlə yol səthi arasındakı ilişmə əmsalı normativlərə
uyğun olmalıdır. Təəssüf ki, Azərbaycanda avtomobillərin təxminən
40%-i 10 ildən, 30%-i isə 20 ildən artıq istismar olunan şəxsi
nəqliyyat vasitələridir. Uzun müddət istifadə olunan avtomobillərin
konstruktiv elementləri zəifləyir, texniki resursları azalır.
Bununla yanaşı, avtomobil yollarında da sürüşməyə qarşı müvafiq
hazırlıq işləri aparılmalıdır”, – deyə o əlavə edib.