İngiltərədə dəmir dövrünə aid karniks tapılıb

Baş səhifə

Bakı. Trend:

İngiltərənin Norfolk bölgəsində arxeoloqlar tərəfindən dəmir
dövrünə aid unikal müharibə trubası – karniks aşkar edilib.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bürüncdən hazırlanmış bu qədim musiqi alətinin
eramızın 60-cı illərində İsenilər qəbiləsinin Roma işğalçılarına
qarşı apardığı döyüşlərlə əlaqəsi ola biləcəyi ehtimal edilir.
Karniks Britaniyada tapılmış cəmi üçüncü, dünya üzrə isə ən tam
nümunədir.

Vəhşi heyvan başı formasında düzəldilmiş və döyüşçülərin başı
üzərində səsləndirilən bu truba, düşmənləri qorxutmaq üçün istifadə
olunurdu.




Tapıntı ötən yay Qərbi Norfolkda yeni yaşayış kompleksinin
tikintisindən əvvəl aparılan qazıntılar zamanı üzə çıxıb. Karniks
ilə yanaşı, tunc qaban başı döyüş bayrağı da aşkar edilib. Bu
əşyaların əksəriyyəti Britaniya üçün unikal hesab olunur.

Ərazi, bir zamanlar İsenilər qəbiləsinin yaşadığı sahəyə düşür.
Arxeoloqlar tapıntının eramızın I əsrində torpağa basdırıldığı
qənaətindədirlər.

Hazırda karniks və digər tapıntılar Norfolk Muzey Xidmətinin
konservatorları tərəfindən qorunur. Əşyaların gələcək taleyi isə “Xəzinə Qanunu”na uyğun olaraq məhkəmə-tibb eksperti tərəfindən
müəyyən ediləcək.

Bu nadir kəşf 14 yanvar saat 21:00-da “BBC Two” kanalında
yayımlanacaq sənədli filmdə təqdim olunacaq.