Avropalı deputat Ursula fon der Lyayeni məhkəməyə verib

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamentinin (AP) deputatı, Almaniyanın “BSW”
partiyasının həmsədri Fabio De Mazi Avropa Komissiyasının sədri
Ursula fon der Lyayendən müdafiə sənayesi konsernləri ilə təmaslar
barədə məlumatların açıqlanmasını tələb edir. O, Avropa Məhkəməsinə
iddia ərizəsi ilə müraciət edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

De Mazi iddia ərizəsində Avropa Parlamentinin Avropa
Komissiyasının fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədilə
məlumat almaq hüququna əsaslanır.




Onun fikrincə, fon der Lyayen AP-nin sorğularına cavab vermək
öhdəliyini pozub, çünki o, Avropa Parlamenti deputatı kimi De
Maziyə müdafiə şirkətləri ilə təmaslar barədə tam məlumat təqdim
etməyib.

De Mazi 2025-ci ilin mart ayında Avropa Komissiyasının sədrindən
2024-cü ilin ortalarından etibarən silah istehsalçıları ilə olan
bütün təmaslar (görüşlər, telefon danışıqları, videokonfranslar və
elektron yazışmalar daxil olmaqla) barədə məlumat tələb edib. Onun
sözlərinə görə, 2025-ci ilin oktyabrında fon der Lyayendən alınan
cavab gecikmiş və son dərəcə ümumi xarakter daşıyıb.