Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio və Argentinanın xarici işlər
naziri Pablo Kirno çərşənbə axşamı telefon danışığı zamanı
Vaşinqtonun Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatı müzakirə
ediblər.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat
katibinin müavini Tommi Piqottun yazılı bəyanatında bildirilib.
Bəyanata əsasən, Marko Rubio söhbət zamanı ABŞ-nin Venesuelaya
qarşı atdığı addımlar barədə məlumat verib və bu fəaliyyəti
“hüquq-mühafizə sahəsində dəqiq əməliyyat” kimi qiymətləndirib. O,
həmçinin Argentinanın narkoterrorizmə qarşı mübarizədə və regionda
təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davamlı
əməkdaşlığına görə Pablo Kirnoya təşəkkür edib.
Tommi Piqottun sözlərinə görə, Marko Rubio həmin gün Belçikanın
Baş nazir müavini və xarici işlər naziri Maksim Prevo ilə keçirdiyi
görüşdə də Venesueladakı vəziyyəti müzakirə edib. Görüş zamanı
tərəflər narkotiklərin yayılmasına qarşı mübarizədə əməkdaşlığın
əhəmiyyəti, eləcə də Qəzza zolağı ilə bağlı sülh danışıqlarının
gedişi ətrafında fikir mübadiləsi aparıblar.

