
Bakı. Trend:
Venesuela neft, qızıl və digər dövlət aktivlərinin satışından
əldə olunan gəlirlər hesabına 600 minədək “Bitcoin” (BTC) həcmində
gizli kriptovalyuta ehtiyatı formalaşdırmış ola bilər.
Trend xəbər verir
ki, bu barədə “Cryptopolitan” nəşri məlumat yayıb.
Bununla belə, nəşr yayılan məlumatların hələlik rəsmi şəkildə
təsdiqlənmədiyini vurğulayır.
Məlumata görə, Venesuela hökuməti ABŞ sanksiyalarından yan
keçmək məqsədilə dövlət aktivlərinin bir hissəsini kriptovalyutaya
çevirmiş ola bilər. Bildirilir ki, 2018–2020-ci illər ərzində ölkə
təxminən 2,7 milyard dollar dəyərində 73 ton qızıl satıb və bu
vəsaitin mənbələrə görə təxminən 400 min BTC-yə çevrildiyi iddia
olunur.
Ehtiyatın qalan hissəsinin isə neft gəlirləri ilə bağlı olduğu
qeyd edilir. İddialara əsasən, 2025-ci ilin sonuna qədər Venesuela
neft ixracının 80 faizə qədərinin USDT stabilkoini ilə ödənildiyi,
daha sonra isə mümkün hesab dondurmalarından yayınmaq üçün bu
vəsaitlərin “Bitcoin”ə çevrildiyi bildirilir.
Venesuelanın mümkün kriptovalyuta ehtiyatlarının ümumi həcmi ilə
bağlı təxminlər 600 min ilə 660 min BTC arasında dəyişir ki, bu da
cari qiymətlərlə on milyardlarla dollar dəyərində qiymətləndirilir.
Bu fərziyyələr həmçinin 2024-cü ildə bağlanan dövlətə məxsus
“Petro” kriptovalyutasının fəaliyyəti dövründə stabilkoinlərdən
istifadənin artması ilə də əlaqələndirilir.

