Bakı. Trend:
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi
dünya mediasının diqqət mərkəzindədir.
Trend-in xəbərinə
görə, nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The
Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and
Finance” internet resursunun, habelə beynəlxalq analitik portal
olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı
kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki,
Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin
hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak
etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib.
Materialda bununla bağlı yanlış məlumatları təkzib edən
dövlətimizin başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdan
ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu
məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı
missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Türkiyənin aparıcı media orqanları da Azərbaycan Prezidentinin
yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə
işıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbər
agentlikləri və qəzetləri Azərbaycan liderinin Türk Dövlətləri
Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlı
fikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə ilə
müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarına
diqqət yetiriblər.
Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərin
inkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub.
Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının qlobal
proseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanla
münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari
məsələlərə dair fikirləri də yer alıb.

Gürcüstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin yerli
televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə
işıqlandırıb.
Nüfuzlu “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”,
“qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge”
informasiya portalları, eləcə də “1tv.ge” televiziyası və onun
rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər
yayımlayıb.

Yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının
Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur
dəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin bu
dəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər və
Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla
müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.
Yaxın Şərqin ortaq portalı olan “Salem”, həmçinin “Europa Press”
qəzetinin materiallarında qeyd olunur ki, Prezident İlham Əliyev
Bakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstinin
səfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəb
ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli
olduğunu bildirib. Prezident əlavə edib: “Yaxın Şərqdə hansısa
fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-nin BMT-dəki
səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi
təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla
Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar
qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə
bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın
razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa,
bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz”.

Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”,
“əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları,
bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər
yayımlayıb.
Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin
başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində
iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ ilə
münasibətlər əsas diqqət mərkəzində olub.
İspandilli “Demcrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”,
“İtongadol”, “İnfobae” agentlik və portallarında dərc olunan
xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı
əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı
fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev
Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda
sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak
etmədiyini diqqətə çatdırıb.

Beynəlxalq iqtisadiyyat portalı “İnvesting.com”, İsrailin “The
Jerusalem Post”, “Israelhayom”, “Time of Israel” qəzetləri, rus
dilində nəşr olunan “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik”
nəşri, Yunanstanın “Skai” internet resursu da Azərbaycan
Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib.
Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına
sülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları
təkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə
diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını,
həmçinin bununla bağlı təəssüfləndiyini bildirib.

Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara
Pakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın
“Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarının dərc
etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki,
Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam
Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma
Qəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç bir
əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.

