“Volkswagen” və “Porsche” 500 mindən çox avtomobili geri çağırır

Baş səhifə

Bakı. Trend:

Arxa görüntü kamerası ilə bağlı yaranan problemlərə görə
Almaniyanın avtomobil istehsalçıları “Porsche” və onun ana şirkəti “Volkswagen” ABŞ-də ümumilikdə yarım milyondan çox avtomobili geri
çağırıb.

Trend xəbər
verir ki, bu barədə ABŞ-nin Milli Avtomobil Yolları Təhlükəsizliyi
Administrasiyası (NHTSA) məlumat yayıb.

NHTSA-nın məlumatına görə, Volkswagen Group of America (Audi
markası da daxil olmaqla) proqram təminatındakı nasazlıq səbəbindən
ABŞ-da 356 649 avtomobili geri çağırır. Sözügedən nasazlıq arxa
görüntü kamerasının görüntüsünün düzgün əks olunmamasına səbəb ola
bilər.

“Volkswagen”-in ABŞ bazarında illik satışları 2024-cü ildə
təxminən 380 min, 2023-cü ildə isə 330 min ədəd təşkil edib.




Şirkət məsələ ilə bağlı açıqlama verməyib.

Geri çağırma qərarı ötən həftə “Volkswagen”-in lüks brendi “Porsche”-nin də oxşar problemə görə ABŞ-da 173 538 avtomobili geri
çağıracağını elan etməsindən sonra verilib. Bu, “Porsche Cars North
America” tərəfindən son illərdə həyata keçirilən ən iri
təhlükəsizlik geri çağırmalarından biri hesab olunur.

Qeyd edək ki, ötən il NHTSA “Hyundai”, “Ford”, “Toyota” və “Chrysler” markalarına məxsus avtomobilləri də qəza riskini artıran
oxşar arxa görüntü kamerası problemlərinə görə geri çağırmışdı.

NHTSA-nın bildirdiyinə görə, “Volkswagen”-in geri çağırma
kampaniyası 2019–2026-cı il istehsalı olan bəzi modelləri əhatə
edir və dilerlər proqram təminatını pulsuz yeniləyəcəklər.