Məşhur macar rejissoru vəfat edib

Baş səhifə

Bakı. Trend:
Məşhur macar rejissoru Bela Tarr 70 yaşında vəfat edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Tarrın ölüm xəbəri rejissor Bence
Fliegauf tərəfindən ailəsi adından elan olunub.

Avropa Film Akademiyası da günün ikinci yarısında elektron poçt
vasitəsilə yayımladığı açıqlamada Bela Tarrın “uzun və ağır
xəstəlikdən sonra” vəfat etdiyini bildirib.

Qeyd edək ki, rejissor beynəlxalq şöhrəti ilk dəfə 1988-ci ildə
Berlin Film Festivalında premyerası keçirilən “Lənət” filmi ilə
qazanıb. Daha sonra o, ümumilikdə doqquz tammetrajlı filmin
rejissoru olub. Onun son filmi — “Turin atı” (The Turin Horse,
2011) Berlin Film Festivalında münsiflər heyətinin mükafatını
qazanıb.




Bela Tarr xüsusilə yazıçı László Krasznahorkayın romanı əsasında
çəkdiyi, 450 dəqiqəlik epik ekran işi olan “Sátántangó” (1994)
filmi ilə dünya kinosunda dərin iz qoyub.

2023-cü ildə Bela Tarr Avropa Kino Akademiyasının Fəxri
Mükafatına layiq görülüb.