
Böyük Britaniya Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra keçmiş Venesuela deputatı və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado ilə əlaqə yaradıb.
“Report”un məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper məlumat verib.
“Bu gün mən Venesuela müxalifətinin lideri Maria Korina Maçado ilə danışdım. Onun Venesuelada demokratiya, insan haqları və qanunun aliliyi və repressiyalara qarşı davamlı mübarizəsi ruhlandırıcıdır. Önümüzdəki günlərdə və həftələrdə əlaqəmizi davam etdirəcəyik”, – Kuper İcmalar Palatasında (Böyük Britaniya parlamentinin aşağı palatası) çıxışında bildirib.
İvet Kuper, həmçinin ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığı barədə məlumat verib və amerikalı diplomata beynəlxalq normalara riayət etməyin vacibliyini vurğulayıb.
Kuper əlavə edib ki, indi əsas səylər Venesuelada vəziyyətin pisləşməsinin və respublikanın qeyri-sabitliyə, cinayətə və ya zorakılığa sürüklənməsinin qarşısını almağa yönəldilməlidir.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


