
Bakı. Trend:
Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş
kəndin timsalında, necə deyərlər, ortaya çıxırdı və hər bir şəhidin
şəhid olduğu yer mənim üçün torpaq idi. Hər gün itkilərlə bağlı
məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün
deyil.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bir neçə dəfə
əməliyyatın istiqamətinin dəyişdirilməsinin, müharibənin noyabrın
10-da dayandırılmasının mümkün itkilərin qarşısının alınması ilə
bağlı olduğunu qeyd edərək bildirib: “Hər dəfə bayrağımız bir
kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq
idi”.
Doğma torpaqlarımızın qorunması üçün daim hazır olmağın
vacibliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Hər an
öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq
və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin
tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var,
xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.


