
Bakı. Trend:
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir
gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq
oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun
iştirakını tələb edən üsuli-idarə metodudur.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.
Ümumi inkişafımız üçün hər bir insanın, xüsusilə vəzifə
sahibinin ürəklə işləməli olduğunu vurğulayan dövlətimizin başçısı
bildirib: “Xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra
cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son
beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq.
Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı
məmur özbaşınalığına daha dözülməz olmalıyıq, mən başda olmaqla,
hamımız daha dözülməz olmalıyıq”.


