“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
“Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi filologiya elmləri doktoru, professor Sayalı Sadıqova olub.
O, doğulub boya-başa çatdığı Çəmbərək rayonunun Cil kəndindən söhbət açıb. Qeyd edib ki, Cil kəndi təbiətinin gözəlliyinə görə Qərbi Azərbaycanın digər yaşayış məntəqələrindən fərqlənib. Göyçə gölünün sahilində, dəniz səviyyəsindən iki min metr hündürlükdə yerləşən kəndi üç tərəfdən dağlar əhatə edib. Alimin sözlərinə görə, tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. Cil toponiminə gəlincə, bu, Azərbaycan dilində “torpağın üstünü basan süpürgəvari ot” mənasında işlənən “cil” sözü əsasında əmələ gəlib.
“Toponimlər hər bir xalqın tarixini özündə yaşadır”, – söyləyən professor S.Sadıqova deyib ki, Çəmbərək rayonunda bütün kəndlərin adı türk mənşəlidir. Təəssüflər olsun ki, zaman-zaman bu yaşayış məntəqəsinin adları Ermənistan siyasi rəhbərliyi tərəfindən dəyişdirilib. Misal üçün, təkcə Çəmbərək rayonunun adı bir neçə dəfə bu cür dəyişkənliyə məruz qalıb.
Tarixə ekskursiya edən filoloq-alim vurğulayıb ki, Qərbi Azərbaycanın faciəsi 1828-ci ildə çar Rusiyasının İrəvan xanlığını işğal etməsi, Türkmənçay müqaviləsinin imzalanması ilə başlayıb. Bu andan etibarən azərbaycanlılar öz ata-baba yurdunda sıxışdırılıb, deportasiyaya məruz qalıblar. Onlara məxsus evlərdə Türkiyədən, İrandan və sair xarici ölkələrdən köçürülən ermənilər məskunlaşdırılıblar. Bu siyasət son 200 ildə dəfələrlə təkrarlanıb. 1905-1907 və 1918-1920-ci illərdə isə Cil kəndinin sakinləri amansız qırğınlarla üzləşiblər. Kəndi tərk edə bilməyən yaşlı və köməksiz insanlar daşnaklar tərəfindən qəddarcasına qətlə yetiriliblər. Ermənilər yerli əhalidə xof yaratmaq üçün əzab-əziyyətlə öldürdükləri azərbaycanlıları atın quyruğuna bağlayıb sürüyüblər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.




