Prezident İlham Əliyev: Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir

Baş səhifə

Bakı. Trend:

Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və
bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki,
biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən
bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr – onlar dilimizi
zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı
etmir.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.

“Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən
xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi
qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və
milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də
özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən
gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə
tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan
sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz
də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə
Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam
əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”, – deyə
dövlətimizin başçısı bildirib.