
Bakı. Trend:
Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki,
investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans,
tarazlıq olmalıdır.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində bildirib.
Azərbaycanın iqtisadi islahatlar həyata keçirərək, neft-qaz
layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə
yönəltdiyini vurğulayan dövlətimizin başçısı deyib: “İşğal dövründə
bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra
təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə
tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni
evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa
olunmuşdur”.
Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan
qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən
Azərbaycan Prezidenti bildirib: “Bu, bizə imkan verib ki, biz bir
neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son
yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu
islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard
manata yaxın olan vəsaitdir”.

