
Bakı. Trend:
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2026-cı
ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə
birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət
və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin
hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin
formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas
məlumatlar əks olunub.
Vətəndaşların ixtiyarına verilən bələdçidə 2026-cı ildə
hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin
mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin
gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı
təmin edəcək sürətli bərpa və yenidənqurma işlərinin davam
etdirilməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial
müdafiəsinin təmin edilməsi, təhsil, səhiyyə xərcləri və dövlətin
əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün yaradılan
maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.
Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq
Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq
hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının
artırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən həyata
keçirilən tədbirlərin tərkib hissəsidir.
Qeyd edilib ki, hazırlanmış bu nəşr vətəndaşlara büdcə sahəsində
bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa
düşülməsində yardımçı olacaqdır.

