Myanmada amnistiya ilə 6 mindən çox məhbus azadlığa buraxılıb

Baş səhifə

Bakı. Trend:

Myanmanın hərbi xuntası ölkənin Britaniya müstəmləkə
hakimiyyətindən müstəqilliyinin 78-ci ildönümü münasibətilə elan
etdiyi amnistiya çərçivəsində 6 min 100-dən çox məhbusun azadlığa
buraxıldığını açıqlayıb.

Trend xəbər verir
ki, hakimiyyət orqanları bir sıra digər məhbusların da cəza
müddətini azaldıb. Azadolma prosesinin bir neçə gün davam edəcəyi
gözlənilir.

Buna baxmayaraq, hələlik tanınmış siyasi məhbusların azadlığa
buraxılacağına dair hər hansı əlamət yoxdur. 2021-ci ilin
fevralında baş vermiş hərbi çevrilişdən sonra minlərlə demokratiya
tərəfdarı, siyasətçi və ictimai fəal həbs olunub. Məlumata görə,
azadlığa buraxılanlar arasında devrilmiş mülki lider, Nobel Sülh
Mükafatı laureatı Aun San Su Çji də yoxdur.




Nəşr qeyd edir ki, amnistiya hərbi rejimin mübahisəli seçkilər
keçirməyə hazırlaşdığı bir vaxtda elan olunub. Həmin seçkilər
müxalifətin böyük hissəsi tərəfindən boykot edilib. Müşahidəçilərin
fikrincə, bu seçkilər generalların hakimiyyətini legitimləşdirməyə
xidmət edir. Eyni zamanda, ölkədə hökumət qüvvələri ilə anti-xunta
qruplaşmaları arasında silahlı toqquşmalar davam edir.

Bundan əlavə, humanitar səbəblərlə 52 xarici məhbusun da
azadlığa buraxıldığı bildirilib.