
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində”
standartlaşdırma üzrə Texniki Komitə əməyin təhlükəsizliyi ilə
bağlı dövlət standartlarının hazırlanması işlərini davam
etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, ötən il daha 110 dövlət standartı hazırlanaraq Azərbaycan
Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq
edilib.
Standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi
və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə
uyğun olaraq hazırlanıb. Onlar iş yerlərində sağlam əmək şəraitinin
təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil
olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və
beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir.
Bununla da Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı
hazırlanaraq təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə
çatıb.


