
Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer “Çelsi” futbol klubunun satışından əldə olunan dondurulmuş vəsaitlərin bir hissəsinin Ukraynaya verilməsini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə V.Zelenski Britaniya hökumətinin başçısı ilə telefon danışığının yekunlarına dair “X” sosial şəbəkəsində yazıb.
“Kirlə “Çelsi”nin satışından əldə edilərək dondurulmuş vəsaitlərlə bağlı ədalətli qərarın zəruriliyini müzakirə etdik. 2,5 milyard funt sterlinq məbləğində bu vəsait Ukraynada insanların həyatının qorunmasına və bərpa işlərinə əhəmiyyətli dərəcədə kömək edə bilər “, – V.Zelenski yazıb.
O əlavə edib ki, Britaniya hökumətinin başçısı ilə yaxın vaxtlarda liderlər səviyyəsində keçirilməsi planlaşdırılan görüşə hazırlığın təfərrüatlarını müzakirə edib.
“Milli təhlükəsizlik məsələləri üzrə müşavirlər də çox məhsuldar işləyirlər – bu gün fəal gündür, birgə işdə Avropa ölkələrinin 18 nümayəndəsi iştirak edir. Biz həmçinin ABŞ tərəfi ilə fəaliyyətlərimizi koordinasiya edirik”, – o yazıb.
Ukrayna Prezidenti nümayiş etdirdiyi liderlik və dəstəyə görə K.Starmerə təşəkkür edib və vurğulayıb ki, Londonun qərarları Ukraynanın dayanıqlılığını gücləndirməyə və sülhü yaxınlaşdırmağa kömək edir.
Qeyd edək ki, “Çelsi”nin satışından əldə olunan 2,35 milyard funt sterlinq, eləcə də 150 milyon funt sterlinq məbləğində faiz 2022-ci ildən bəri Roman Abramoviçin “Fordstam Ltd” şirkətinin bank hesabında dondurulub. Ümumilikdə, Britaniyanın Cersi adasının məhkəmələri rusiyalı iş adamının 5,3 milyard funtdan çox vəsaitini dondurub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


