
Şəklin mənbəyi, Miraflores Palace / Reuters
Prezident Donald Tramp Amerika Birləşmiş Ştatlarının Venesuelaya “genişmiqyaslı hücum etdiyini” və nəticədə ölkə lideri Prezident Maduro və həyat yoldaşının “saxlandığını” deyib.
“ABŞ Venesuelaya və onun lideri, həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılan Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı hücumu uğurla həyata keçirib.”
Prezident Tramp özünün Truth Social hesabında yazıb.
O, hücumun detalları barədə sonradan məlumat veriləcəyini deyib.
Venesuela hökuməti Maduro və həyat yoldaşının sağ olmasıyla bağlı ABŞ-dan dəlil tələb edib.
Venesuelada fövqəladə vəziyyət elan edilib.
Xəbər yenilənir.

Şəklin mənbəyi, Reuters
“Müasir bənzəri olmayan hadisə”
Əgər iddia edildiyi kimi, ABŞ Delta Qüvvələrini Venesuela paytaxtının mərkəzinə göndərərək hazırkı prezidenti həyat yoldaşı ilə birlikdə [ordan] çıxarıbsa, bu, indiyə qədər gördüyümüz heç nəyə bənzəmir, BBC-nin qlobal xəbərlər müxbiri Joe Inwood yazır.
Ən yaxın müqayisə 1989-cu ildə Panama lideri Manuel Noriega-nın xüsusi qüvvələr tərəfindən tutulması olardı.
Hər iki kişi mübahisəli seçkilərdə qələbə qazandıqlarını iddia etmişdilər, hər ikisi ABŞ tərəfindən narkotik ticarətində iştirakda ittiham olunmuşdu və hər ikisindən əvvəl ABŞ hərbçiləri önəmli bir görüş keçirmişdilər.
Lakin Noriega-nın saxlanması iki ölkə arasında qısa, həlledici müharibədən sonra baş verdi və panamalı qüvvələr tez bir zamanda məğlub edildi.
O, sığınacaq üçün Vatikan səfirliyinə getmişdi və 11 gün orada qaldı. O, “psixoloji müharibə” vasitəsilə səfirlikdən çıxarıldı – The Clash, Van Halen və U2 daxil olmaqla davamlı olaraq yüksək səslə rok musiqiləri səsləndirilirdi.
O, ABŞ-a aparıldı və orada narkotik cinayətlərinə görə həbs edildi.
Nikolas Maduronun saxlanması əməliyyatının detalları hələ açıqlanmayıb, lakin görünür ki, bu, öz miqyasında daha da iddialı bir əməliyyat olub – Prezident və həyat yoldaşı quru qoşunlarından istifadə edilmədən uğurla çıxarılıb.
Onun taleyi qeyri-müəyyəndir, lakin ehtimal etmək olar ki, onun sonu ABŞ həbsxanası olacaq.


