
Bakı. Trend:
Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixli
qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında
təhlükəsizlik texnikası Qaydaları”na dəyişiklik edilib.
Trend xəbər
verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq
qərar imzalayıb.
Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasına
buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan
komissiyanın tərkibi dəqiqləşdirilib.
Qərara əsasən, “Elektrik qurğularının texniki istismar
Qaydaları”na uyğun olaraq formalaşdırılan komissiyaya gərginliyi
1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə elektrik
təhlükəsizliyi sahəsində V qrupdan aşağı olmayan, gərginliyi 1000
V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayan
mütəxəssislər cəlb olunacaq.
Buna qədər isə gərginliyi 1000 V-dək olan elektrik qurğuları
üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı, gərginliyi 1000
V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasa
malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulurdu.
Bu dəyişikliklər Azərbaycan Respublikası Energetika Nazirliyinin
Kollegiyasının
2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik
texnikası Qaydaları”nın 44.1-ci bəndində “1000 kV-dək” sözləri
“1000 V-dək” sözləri ilə, “aşağı qrupa” sözləri “aşağı olmayan
qrupa” sözləri ilə əvəz edilməsi nəticəsində olub.


