DİN-dən xəbərdarlıq: Bir zənglə bütün pullarınızı itirə bilərsiniz!

Baş səhifə

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. “WhatsApp”, “Telegram” və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var. 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı bir daha diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir. Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur.

Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.

Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.

Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər.