Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib – Hikmət Hacıyev

Baş səhifə

Bakı. Trend:

Donald Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə
böyük sədaqət nümayiş etdirib.

Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Times” qəzetinə
açıqlamasında deyib.

Onun sözlərinə görə, Tramp administrasiyasının dərhal qarşılıqlı
yanaşması və tam şəkildə prosesə cəlb olunması xüsusilə
təqdirəlayiqdir.

Hikmət Hacıyev vurğulayıb ki, ABŞ tərəfindən Azərbaycana qarşı
mövcud məhdudiyyətlərin davam etdirilməsi sülh prosesinə ziddir. O
qeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan hökumətləri sülhün
möhkəmləndirilməsi istiqamətində çətin bir yol qət edir. Bununla
yanaşı, ABŞ Konqresində bəzi dairələrin tamamilə zəruri olmayan və
parçalanmaya səbəb olan qanunvericilik təşəbbüsləri irəli sürdüyünü
bildirib.

“Bayden və Blinken administrasiyası dövründə, təəssüf ki, çoxlu
anlaşılmazlıqlar yaşandı və bu anlaşılmazlıqlar münasibətlərimizə
xeyli zərər vurdu”, – deyə Azərbaycan Prezidentinin köməkçisi
bildirib.

O əlavə edib ki, Azərbaycan Ermənistanla iqtisadi əlaqələr
qurmaq istiqamətində addımlar atır. Bu çərçivədə Ermənistana neft
məhsullarının ixracı və taxıl tədarükünün təmin edilməsi həyata
keçirilir. Onun sözlərinə görə, bu addımlar simvolik görünə bilər,
lakin mühüm geosiyasi məna daşıyır. “Biz yalnız Ermənistan hökuməti
ilə deyil, Ermənistan xalqı ilə də sülh qururuq”, – deyə H.Hacıyev
bildirib.

Hikmət Hacıyev, həmçinin Azərbaycanın dini plüralizm modelinin
ölkəni qeyri-sabit regionda Qərb üçün təbii tərəfdaş etdiyini
vurğulayıb. O qeyd edib ki, əsrlərdir Azərbaycanda yəhudi, xristian
və müsəlman icmaları yanaşı yaşayır.

“Bu, bizim ənənəmiz və kimliyimizdir. Sülh gündəliyimizə daha
güclü qərarlılığımız var və bu istiqamətdə Tramp
administrasiyasının tam dəstəyini görürük”, – deyə Hikmət Hacıyev
əlavə edib.