Bakı. Trend:
Qambiyada Avropaya getmək istəyən miqrantları daşıyan gəmi
Şimali Banka bölgəsindəki Jinack kəndi yaxınlığında batıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qambiya Müdafiə Nazirliyinin açıqlamasına görə, gəmi sahildə
tapılıb.
İspaniyanın Kanar Adalarına doğru yola çıxan gəminin
göyərtəsindəki 96 sərnişin xilas edilib. Boğularaq həyatını itirən
7 nəfərin meyiti tapılıb, xilas edilənlərdən 10-nun vəziyyətinin
kritik olduğu bildirilib. İtkin düşən şəxslərin axtarışları davam
etdirilir.
Rəsmi mənbələr, qurbanların bir qisminin Qambiya vətəndaşı
olmadığını, onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesinin
davam etdiyini qeyd edib.
Məlumata görə, Qərbi Afrikadan olan miqrantlar və qaçqınlar,
Kanar Adaları üzərindən Avropa qitəsinə çatmaq üçün Qambiyanı bir
çıxış nöqtəsi olaraq istifadə edirlər. Atlantik Okeanı üzərindən
edilən bu yol, miqrantlar üçün ən təhlükəli marşrutlardan
biridir.
Avropa İttifaqı son illərdə miqrasiyanı azaltmaq məqsədilə bir
neçə Şimali Afrika ölkəsi ilə müqavilələr imzaladığından,
miqrantlar daha uzun və təhlükəli olan Atlantik marşrutuna
yönəldilib.

