
Bakı. Trend:
Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı
və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli
çətinləşdirir. Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və
qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini
artırır.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin bölgələrə
səfər edən və hərəkətdə olan sürücülərə müraciətində qeyd
olunub.
Bildirilir ki, təhlillər göstərir ki, qarlı hava şəraitində baş
verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və
aşınmış şinlərdən istifadədir.
Bu səbəbdən sürücülərdən xahiş edirik:
• Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən
çəkinin;
• Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin
qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq
yoxlayın;
• Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə
hərəkət edin;
• Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz
məsafəni qoruyun;
• Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə
gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində
nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir.
Unutmayaq: Qarlı havada düzgün şin seçimi sükan arxasında
təhlükəsizliyin əsas şərtidir.
Yollarda diqqətli olaq, təhlükəsizliyə birlikdə töhfə verək.


