Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad
Həşimovun doğum günüdür.

Trend xəbər
verir ki, qəhrəman zabitin dünyaya gəlişindən 51 il ötür.

General-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ
rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıt
şəhərinə köçdüyündən buradakı 28 və 34 nömrəli məktəblərdə orta
təhsil alıb. Sonra o, taleyini hərbçi peşəsinə bağlamaq üçün indiki
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu
xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.

Taqım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək
yüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıya
qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy
göstərib.




2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün
qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu
qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə
görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixli
Sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı
tərəfindən Polad Həşimova general-mayor ali hərbi rütbəsi
verilib.

Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının
qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı
ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına
layiq görülüb.