İsveçrədə xizək kurortunda baş verən yanğına şamların səbəb olduğu ehtimal edilir

Baş səhifə

Bakı. Trend:

İsveçrənin məşhur Krans-Montana xizək kurortunda Yeni il gecəsi
baş verən dəhşətli yanğında həlak olanların əksəriyyətinin gənclər
olduğu bildirilir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, artıq onların şəxsiyyətlərinin
müəyyənləşdirilməsinə başlanılıb.

Hadisənin səbəbi hələ dəqiq məlum deyil. İsveçrə hakimiyyəti
yanğının hücum deyil, qəza nəticəsində baş verdiyini bildirir.
İlkin ehtimallara görə, barın zirzəmisində tavanın şamların
qığılcımlarına çox yaxın olması yanğına səbəb ola bilər.




Hadisə müasir İsveçrənin ən ağır faciələrindən biri kimi
qiymətləndirilir. Krans-Montana meri Nikolas Fero bildirib ki, əsas
məqsəd bütün həlak olanların kimliyini dəqiqliklə
müəyyənləşdirməkdir. Valais kanton hökumətinin başçısı Matias
Reynar isə məlumatların həddən artıq həssas olduğunu, ailələrə
yalnız tam dəqiqlik əldə edildikdən sonra məlumat veriləcəyini
vurğulayıb.

Xarici ölkələrin səfirlikləri ölən və yaralananlar arasında öz
vətəndaşlarının olub-olmadığını araşdırmağa başlayıb.

Qeyd edək ki, İsveçrənin Alp dağlarında yerləşən məşhur xizək
kurortu Krans-Montanada 2026-cı il yanvarın 1-nə keçən gecə, saat
01:30 radələrində “Le Constellation” adlı ikimərtəbəli barda
partlayış baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həyatını
itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər
alıb.