
Astronomlar Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə “didərgin planet” aşkar ediblər.
“Report”un məlumatına görə, bu barədə “Science” jurnalında dərc olunan elmi məqalədə qeyd olunub.
Dəqiqləşdirilib ki, səma cismi Yerdən 9,9 min işıq ili məsafəsində, Oxatan bürcündə yerləşir. Bu kəşf təsdiqləyib ki, iri planetlər çox nadir hallarda onları yaradan ulduz sistemlərindən kənara atıla bilərlər.
Kəşf Varşava Universiteti Rəsədxanasının direktoru Ancey Udalskinin rəhbərliyi altında fəaliyyət göstərən bir qrup astronom tərəfindən “OGLE” layihəsi çərçivəsində edilib.
Alimlər yaxınlıqda yerləşən və gözlə görünməyən obyektlərin yaratdığı qravitasiya mikrolinzalarının axtarışı ilə məşğul olublar. Vurğulanıb ki, astronomlar eyni vaxtda bir neçə olduqca sönük və soyuq səma cismi aşkar ediblər ki, bunlara tez-tez “didərgin planetlər” deyilir.
Onların dəqiq mənşəyi və təbiəti hələlik məlum deyil. Alimlərin bir qismi hesab edir ki, bunlar bir sıra mürəkkəb qravitasiya qarşılıqlı təsirləri nəticəsində ulduz sistemlərindən kənara atılmış iri planetlərdir. Digər tədqiqatçılar isə onların, əslində, çox soyuq və kiçik qəhvəyi “cırtdan”lar – yəni kütləsi olduqca az olan “uğursuz” ulduzlar olduğunu ehtimal edirlər.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


